ELM VƏ TƏHSİL
2020-2021-ci tədris ili üzrə 809 nəfər “SABAH” tələbəsi adını qazanıb
Bakı, 13 oktyabr, AZƏRTAC
2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin “SABAH” qruplarına tələbə seçimi aparılıb. Sözügedən qruplara tələbə seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün ümumilikdə 1984 tələbə müraciət edib, onlardan 1883 nəfəri test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş imtahanda 1864 tələbə iştirak edib. İki gün ərzində 29 ixtisas üzrə test imtahanı mərhələsini uğurla keçən 1198 tələbə üçün onlayn müsahibə təşkil edilib. Müsabiqənin nəticələrinə əsasən, 809 tələbə 29 ixtisas üzrə “SABAH” tələbəsi adını qazanıb.
Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün “SABAH” qruplarında yeni ixtisaslar açılıb, ingilis dilində tədris olunan qrupların sayı artırılıb. Belə ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” qruplarında tədris tamamilə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə bir çox ixtisaslarda ingilis dilində aparılır.