ELM VƏ TƏHSİL
20 ŞAGİRD “HEYDƏR ƏLİYEV MÜKAFATÇISI” OLDU
Mingəçevir orta məktəblərinin 11-ci sinifində oxuyan 20 şagird təhsil və tərbiyədə əldə etdikləri uğurlara görə şəhər icra hakimiyyətinin elan etdiyi “Heydər Əliyev mükafatçısı” adı uğrunda müsabiqənin qalibi olmuşdur. Bu münasibətlə keçirilmiş təntənəli mərasimdə qaliblərə üzərində ümummilli liderimiz Heydər Əliyevin əksi olan diplom, döş nişanı və 100 min manat pul mükafatı təqdim edilmişdir. Qeyd olunmuşdur ki, ötən il bu mükafatı qazanmış şagirdlərin hamısı yüksək balla ali məktəblərə daxil olmuşlar.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimdə icra başçısı Məhəbbət Qarabağlının “Heydər Əliyev şəxsiyyəti və elmi nəzəri irsi gənc nəslin təlim-tərbiyəsində ən layiqli örnəkdir” mövzusunda məruzəsi dinlənilmişdir. Şagirdlər isə “Heydər Əliyev mükafatçısı” adını şərəflə daşıyacaqlarını bildirmişlər.