ELM VƏ TƏHSİL
20 Yanvar: Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, rektor İlham Mədətov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında məlumat verib. 20 Yanvar faciəsini “çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi” adlandıran rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb.
İ.Mədətov 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olan 20 Yanvar faciəsi erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədilib. Dövlət müstəqilliyimizə tuşlanan gülləyə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın əziz xatirələri daim əziz tutulacaq.
Tədbirdə universitetin ictimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev, professor Məhərrəm Zülfüqarlı 20 Yanvar faciəsi ilə bağlı məruzələrlə çıxış ediblər. Bildirilib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə etirazını bildirməklə, düzgün qərar qəbul etmək bacarığını bir daha təsdiqləyib.
Diqqətə çatdırılıb ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Ulu Öndərin siyasi hakimiyyətə qayıtmasından sonra verilib. Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, dahi rəhbərin təşəbbüsü ilə Şəhidlər Xiyabanında möhtəşəm abidə kompleksi ucaldılıb.
Qeyd edək ki, ATMU-da gün ərzində 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər nümayiş olunub.