QAN YADDAŞI
20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda mühüm mərhələ olub
Şəmkir, 20 yanvar, Famil Quliyev, AZƏRTAC
Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə 20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edənlər 20 Yanvarın Azərbaycan xalqının müstəqillik yolunda mühüm mərhələ olduğunu vurğulayıb, faciə qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.
Daha sonra məktəblilərin 20 Yanvar faciəsi ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
xxx
Ağstafa Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar şəhər Musiqi Mərkəzində anım tədbiri keçirilib.
Tədbirdə keçmiş sovet ordusu tərəfindən xalqımıza qarşı törədilən cinayət haqqında ətraflı məlumatlar verilib və bildirilib ki, 20 Yanvar faciəsinə əsl ictimai-siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib.
Daha sonra mərkəzin səhnəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş geniş ədəbi-bədi kompozisiya nümayiş etdirilib.
xxx
Qazax Rayon İcra Hakimiyyətinin 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı hazırladığı geniş tədbirlər planına əsasən, rayonun bütün idarə, müəssisə və təşkilatlarında xalqımızın qəhrəman övladlarının əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətində təşkil edilən tədbirdə Qanlı Yanvar hadisələri haqqında danışılıb, faciəyə həsr olunmuş sənədli film nümayiş etdirilib. Qeyd olunub ki, 20 Yanvar hadisələri tarixin qan yaddaşı, xalqımızın isə qəhrəmanlıq salnaməsidir.
xxx
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə faciənin 27-cı ildönümü ilə bağlı “20 Yanvar-qan yaddaşımız” mövzusunda tədbir keçirib.
Tədbirdə bildirilib ki, bu faciə Azərbaycanın ərazi bütövlüyünün birbaşa pozulması cəhdidir. Həmin gün keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə qarşı etiraz etmək üçün küçələrə çıxmış əhaliyə qanlı divan tutuldu. Bu hadisədən sonra Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünə və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına inamını birdəfəlik itirdi.
Vurğulanıb ki, Ulu Öndərimiz faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etməsi o dövrdə misli görünməmiş cəsarətli addım idi. Ümummilli lider Heydər Əliyev imperiyanın Azərbaycan xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirib, faciəni törədənlərin cəzalandırılmasını tələb edib. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
Tədbirin sonunda Mərkəzdə təşkil olunmuş “20 Yanvar uşaqların gözü ilə” rəsm sərgisinə baxış keçirilib.