QAN YADDAŞI
20 Yanvar: Xalqımızın milli iradəsini nümayiş etdirən şanlı tarixi hadisə
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra institutun direktoru, professor Maisə Rəhimova çıxış edərək deyib ki, Azərbaycan xalqının XX əsrdə milli-azadlıq hərəkatı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar faciəsi hər il qeyd edilir. Bildirilib ki, 20 Yanvar xalqımızın milli iradəsini və azadlıq uğrunda şəhidliyə yüksəlmə əzmini nümayiş etdirən şanlı tarixi hadisədir. Həmin dönəmdə xalqımız bir nəfər kimi ədalətsizliyə etiraz üçün birləşmişdi. Ulu öndər Heydər Əliyev qırğından bir gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyində keçirilmiş mətbuat konfransında Qorbaçov rejiminin mənfur ermənipərəst siyasətini ifşa edib.
Tədbirdə digər çıxış edənlər də 20 Yanvar faciəsinin köklərindən, həmin günlərdə Azərbaycan xalqının göstərdiyi şücaətdən söz açıblar.