QAN YADDAŞI
20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da yad edilib
İstanbul, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də İstanbulda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Turan” Mədəniyyət Mərkəzində tədbir keçirilib. Mərasim Türk Dünyası Araşdırmaları Vəqfi, İstanbul Universiteti, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və “Hazarfem” Xəzər Folklor Tədris və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hadisədən bəhs edib, o günü Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu vurğulayıblar.
Çıxışçılar o gecə keçmiş sovet ordusu tərəfindən Bakıya qoşun yeridildiyini, əliyalın, günahsız insanların qətlə yetirildiyini qeyd ediblər. Bildirilib ki, 20 Yanvar hadisələri zamanı 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub. Bu cinayət ölkə vətəndaşlarının hüquqlarını pozmaqla yanaşı, Azərbaycan xalqının demokratiya, milli azadlıq istəyini boğmaq məqsədi daşıyıb.
Mərasimdə 20 Yanvar faciəsini və əsrlərboyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamları əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir İstanbul Universitetinin professoru Halil Bal, Düzce Universitetinin müəllimi Gökmen Kılıçoğlu və Marmara Universitetinin müəllimi Mehdi Gəncəlinin məruzələri ilə davam edib.
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və media nümayəndələri iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul