QAN YADDAŞI
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Mərakeşdə də yad edilib
Rabat, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi, Mərakeşin Keçmiş Müqavimət Hərəkatı iştirakçıları, Azadlıq Ordusunun üzvlərinin Ali Komissarlığı və Azərbaycan-Mərakeş dostluq qrupu ilə birgə 20 Yanvar hadisələrinin Mərakeşdən olan canlı şahidlərinin iştirakı ilə faciənin 31-ci ildönümü ilə əlaqədar anim tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar faciəsinin Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edən səfir Oqtay Qurbanov qeyd edib ki, 1990-cı il yanvarın 21-də xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
Sovet ordusunun hücumunun nəticələrinə toxunan diplomat insanlığa qarşı törədilmiş bu cinayətdə 150 nəfərin şəhid olduğunu iştirakçıların diqqətinə çatdırıb.
O, hər bir azərbaycanlıda qürur hissi oyadan, 1990-cı il 20 Yanvar tarixində ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsinin heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gələcək nəsillər tərəfindən hər zaman anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini bildirib.
Daha sonra səfir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qələbə əzmi və müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi nəticəsində şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırması sahəsində ardıcıl iş aparıldığını da qeyd edib.
Sonda səfir Azərbaycan tarixinin bu qanlı və şanlı səhifəsi ilə bağlı xalqımızla həmrəylik nümayiş etdiklərinə görə, Mərakeş ictimaiyyətini təmsil edən tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Mərakeş-Azərbaycan Dostluq qrupunun katibi, jurnalist Kərimə ət-Taci Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətin Mərakeş ictimaiyyəti tərəfindən pislənildiyini vurğulayaraq, yaddaşlardan silinməyəcək bu faciənin beynəlxalq ictimaiyyətə çatdırılması, bu faciə ilə bağlı əsl həqiqətlərin üzə çıxarılması işində səylərini əsirgəməyəcəyini qeyd edib.
Daha sonra 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alan, faciənin canlı şahidi olmuş Məhəmməd Reşo öz xatirələrini bölüşərək, sovet ordusu tərəfindən bir gecənin içində Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər haqqında danışıb.
Tədbirin sonunda iştirakçılar 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat