CƏMİYYƏT
20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsini ən parlaq şəkildə əks etdirən qəhrəmanlıq salnaməsidir
Bakı, 20 yanvar, AZƏRTAC
Bu gün dövlətimizin tarixində hər birimiz üçün ən ağrılı, eyni zamanda, qürurlu gündür. Hər il Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət etməyi özümə borc bilirəm. 31 il əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi. Biz bu cür qanlı hadisələrin ölkəmizin tarixində bir daha təkrarlanmasına heç vaxt yol verməyəcəyik. Şəhidlərimizin xatirəsini xalq olaraq qəlbimizdə daim yaşadacağıq.
Bu sözləri Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə AZƏRTAC-a müsahibəsində deyib.
O söyləyib ki, Qanlı Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsini ən parlaq şəkildə əks etdirən qəhrəmanlıq salnaməsidir. Bu faciə ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib: “Vaxtilə güvənib etibar etdiyimiz sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək günahsız, əliyalın insanları qətlə yetirib. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib. Qoy şəhidlərimiz rahat uyusunlar. Bir vacib məsələni deməyi özümə borc bilirəm. Bu gün Fəxri xiyabanda uyuyan bütün şəhidlərimizin ruhu şaddır. Çünki uğurunda canlarından keçdikləri Azərbaycan ötən il düşmən üzərində böyük qələbə çalaraq, öz Zəfərinin qürurunu yaşayır. 44 günlük Vətən müharibəsində dövlətimizin əldə etdiyi böyük Qələbə şəhidlərimizin ruhunu şad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.