QAN YADDAŞI
20 Yanvar faciəsinin 30-cu ildönümü İndoneziya mətbuatında geniş işıqlandırılıb
Cakarta, 20 yanvar, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı müsahibəsi bu ölkənin bəzi KİV-lərində geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, səfir İndoneziyanın Antara dövlət xəbər agentliyinin, “Respublika” qəzetinin və “Jakarta Post” qəzetinin müxbirləri ilə görüşüb və 20 Yanvar faciəsi ilə bağlı geniş müsahibə verib.
Müsahibə zamanı Azərbaycan səfiri 80-ci illərin sonlarında Ermənistan rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq yüz minlərlə azərbaycanlının öz ata-baba torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılmış təxribatlar haqqında məlumat verib. O, xalqımızın bununla bağlı haqlı etirazının qarşısının alınması məqsədilə 20 Yanvar 1990-cı il tarixində sovet ordusunun mülki əhaliyə qarşı amansız divan tutması haqqında danışaraq, bu qanlı rəftarın mübariz Azərbaycan xalqını müstəqilliyə gedən yoldan döndərməyə qadir olmadığını bildirib.
20 Yanvar faciəsinin ildönümü ilə bağlı bu müsahibə İndoneziyanın bir sıra mətbuat orqanları tərəfindən işıqlandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta