QAN YADDAŞI
20 Yanvar milli tariximizin qürur və ləyaqət səhifəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri mənim gözümün önündə baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda ağlasığmaz vəhşiliklər törədərək, gəncləri, qadınları, yaşlıları qətlə yetiriblər. Bu, insanlıq əleyhinə cinayətdir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində o dəhşətli, faciəli günləri xatırlayan hadisələrin canlı şahidi Kamil Xəlilov deyib: “20 yanvar faciəsinin canlı şahidi kimi deyirəm ki, bu hadisələr ölənədək daim mənim yaddaşımda qalacaq. İllər ötsə də, gənclərimiz bu faciədə şəhid olmuş qəhrəmanlarımızı heç vaxt unutmamalıdırlar. Gənclərimiz bilməlidirlər ki, 20 Yanvar milli tariximizin qürur və ləyaqət səhifəsidir. O zaman təsəvvür edə bilməzdim ki, dövlət öz vətəndaşlarının üzərinə qoşun yeridər. Hətta atəş səsləri eşidəndə də inanmağım gəlmirdi ki, dinc insanları güllələyə bilərlər. Ancaq bu hadisə oldu, biz bunu da gördük. Çox şükür ki, torpaqlarımız düşmən tapdağından azad edildi. Azərbaycan düşmənə sarsıdıcı zərbələr endirdi. Buna görə də bütün şəhidlərimizin ruhu şaddır. Torpaqlarımız işğaldan azad edildikdən sonra söz vermişdim ki, gəlib şəhidlərimizin qarşısında baş əyib, ehtiramımı bildirəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.