QAN YADDAŞI


20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda da yad edilib

Strasburq, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, Fransada koronavirus pandemiyası ilə bağlı mövcud qayda və tövsiyələrə uyğun olaraq, anım tədbirinə Strasburqdakı Azərbaycan icmasının məhdud sayda üzvü qatılıb. Anım mərasimində ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva çıxış ediblər.

F.İsmayılov bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq nümunəsidir. Azərbaycanın milli müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xalqımıza tutduğu qanlı divan onun azadlıq əzmini sındıra bilməyib. Qanlı Yanvarda xalqımızın arasında həmrəylik daha da möhkəmlənib.

Daimi nümayəndə vurğulayıb ki, ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Sovet İttifaqının paytaxtında verdiyi cəsarətli bəyanatı ilə xalqımızın mübarizə ruhunu daha da gücləndirib.

Diqqətə çatdırılıb ki, 44 günlük Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində və şəhidlərimizin qanı bahasına qazanılan Zəfər 20 Yanvar qəhrəmanlarının ruhunu şad edib. Bütün şəhidlərimiz bir amal – azad, bütöv və firavan Azərbaycan uğrunda canlarını qurban veriblər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsinin, eləcə də Qarabağ şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən M.Ovçuyeva 20 Yanvar faciəsinin hər bir azərbaycanlının qəlbində və yaddaşında buraxdığı dərin izlər, xalqımızın azadlıqsevər milli təfəkkürünün daha da dərinləşməsinə təsiri, eləcə də müstəqillik mübarizəmizdə həlledici yeri barədə fikirlərini bölüşüb.

Qeyd edib ki, yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlı 1990-cı ilin soyuq yanvar günlərində şəhidlik zirvəsində yüksələn qəhrəmanlarımızın əzmkar ruhunun gələcək nəsillərə aşılanması və onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində müəyyən öhdəlik daşıyır.

Tədbir iştirakçılarına 1990-cı il yanvar günlərində Bakı və ölkəmizin digər məkanlarında törədilmiş faciəni əks etdirən fotosərgi və video nümayiş etdirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.