REGİONLAR
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsidir
Füzuli, 15 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin şanlı səhifəsidir. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Füzuli Tibb Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Füzuli Rayon İcra Hakimiyyətinin işçilərinin, Mərkəzi Xəstəxananın və Tibb Mərkəzinin həkim heyətinin iştirak etdiyi tədbirdə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş direktoru Natiq Şükürov və başqaları çıxış edərək, 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıblar. Tədbirdə 20 Yanvar hadisələrinin şahidi olan həkimlər də faciə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, tibb işçilərinin həmin gecə çətinliklə də olsa, canları bahasına yaralılara yardımından söz açıblar.