QAN YADDAŞI
20 Yanvarda həlak olan Vətən oğulları öz qanları hesabına əbədi bir tarix yazdılar
Bakı, 20 yanvar, AZƏRTAC
Otuz il əvvəl böyük vəhşiliklə üzləşdik. Keçmiş SSRİ ordusu Azərbaycana daxil olaraq, əliyalın əhaliyə qarşı odlu silahlardan atəş açdı, zirehli texnika və tanklar təcili tibbi yardım maşınlarını belə əzib keçdi. Həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunmasına baxmayaraq, bu təcavüz Azərbaycan xalqının azadlıq arzusunu boğa bilmədi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət etməyə gələn Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevindik Dünyamalıyev deyib.
O bildirib ki, 20 Yanvar hadisələri mərdlik və mübarizlik dərsi kimi xalqın yaddaşında daim qalmalıdır. Xalqımızın azadlıq uğrunda mübarizəsinin sarsılmaz olduğunu burada uyuyan qəhrəmanlarımız bir daha sübut ediblər. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları xalqımızın milli azadlığı, müstəqilliyi üçün yol açdılar, öz qanları hesabına əbədi bir tarix yazdılar. Ona görə də 20 Yanvar faciəsindən illər keçsə də, xalqımız şəhidlərini daim xatırlayacaq.