QAN YADDAŞI
20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar ARDNŞ-in Ekologiya İdarəsində anma mərasimi keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlt Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində 20 Yanvar hadisələrin 23-cü ildönümü münasibəti ilə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edənlər əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Sonra, idarənin əməkdaşları çıxış edərək, 20 yanvar hadisələrində sovet rəhbərliyinin bütöv bir millətin azadlıq istəyinə qarşı törətmiş cinayətlərindən, bu günün təkcə qara matəm, hüzn günü kimi deyil, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı mübarizə kimi qeyd olunmasının vacibliyini bildirmişlər.
Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Həmin dövrdə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı aksiya xalq kütlələrini daha da birləşdirmiş, onların mübarizliyini daha da artırmışdır. 20 Yanvar gecəsində Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuş, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil olmuşdur.