İQTİSADİYYAT
210 kiloqram dondurmanın satışı dayandırılmışdır
Bakı, 4 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 8 Mart küçəsi, ev 14-də Əlibala Əlizadəyə məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı dondurmaların müvafiq resept olmadan istehsal edildiyi və üzərində normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi aşkara çıxarılmışdır. Müəyyən edilmişdir ki, dondurmaların laborator müayinədən keçirilmədən satışa göndərilir.
Qanun pozuntuları ilə əlaqədar 210 kiloqram dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Əlibala Əlizadəyə icrası məcburi göstəriş vermişdir.
Həmçinin insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə "AER" firmasına da icrası məcburi göstəriş vermişdir. Firmanın anbarında satışı dayandırılmış insan orqanizmi üçün təhlükəli 4555 kiloqram dondurma məhv edilmişdir.