DÜNYA
Körfəzin ərəb ölkələri, Türkiyə və İsrail arasında regional tarazlıq sülh və rifah vəd edir
Qahirə, 25 iyun, AZƏRTAC
Körfəzin ərəb ölkələri, xüsusən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Türkiyə ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyması, həmçinin Tel-Əvivin həm ərəb dünyası, həm də Ankara ilə əlaqələrinin yaxşılaşması yeni regional tarazlıq yaradıb.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Ankaraya səfəri, BƏƏ ilə Türkiyə arasında konstruktiv əməkdaşlıq mühitinin formalaşması Yaxın Şərq regionuna iqtisadi tərəqqi və rifah vəd edir.
Bu səfərdən sonra İsrailin xarici işlər naziri Yair Lapidin Türkiyədə apardığı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşması prosesində mühüm addım oldu.
2020-ci ildən etibarən Türkiyə həm İsrail, həm də Körfəzin ərəb ölkələri ilə qarşılıqlı fayda gətirəcək şəkildə etimadı bərpa etmək və rəsmi dialoq kanallarını dərinləşdirmək üçün intensiv səylər göstərir. Əvvəlcə COVID-19 pandemiyası, sonra bölgədəki yaxınlaşma iqlimi və nəhayət, Rusiya-Ukrayna müharibəsi fonunda regional əməkdaşlığa dair yeni səhifə açılması tərəflərin hər birinin maraqlarına cavab verir.
Türkiyə-İsrail münasibətlərinin istiləşməsinin gərginliyin mənfi təsir göstərmədiyi ticarət və turizm sahələrində mövcud əməkdaşlığı gücləndirəcəyi, habelə təhlükəsizlik və regional dialoq sahəsində əməkdaşlığı inkişaf etdirəcəyi gözlənilir. Suriya, İraq və İranla uzun sərhədləri paylaşan Türkiyə İsrail üçün mühüm geosiyasi maraq kəsb edir, Ankara isə Suriya və Aralıq dənizinin şərqi ilə bağlı məsələlərdə İsraildən dəstək gözləyir. Bununla yanaşı, Türkiyə hazırda Suriya, İraq və Yəmən məsələsində İsrail və Körfəzin ərəb ölkələri ilə eyni mövqedə dayanır. Rəcəb Tayyib Ərdoğan Körfəzin ərəb ölkələrinin liderləri ilə görüşlərində dəfələrlə bu regionunun sabitliyinə dəstəyini ifadə edib və Husilərin Körfəz ölkələrinə qarşı hücumlarını pisləyib.
İsrail və Körfəzin ərəb ölkələri Türkiyəni regionda yeni təhlükəsizlik arxitekturasına inteqrasiya etməyi hədəfləyirlər. Bu kontekstdə ABŞ Prezidenti Cozef Baydenin gələn ay həm İsrailə, həm də Səudiyyə Ərəbistanına səfərinin nəticələri də əhəmiyyətli olacaq. Bu səfərin Ankara, Tel-Əviv, Ər-Riyad və Əbu-Dabi arasında regional tarazlığın perspektivlərini möhkəmləndirəcəyi gözlənilir.
Qardaş ölkə olan Türkiyənin regionda mühüm səyləri Azərbaycan üçün də böyük potensial yaradır. Hazırda Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail ilə konstruktiv əməkdaşlıq edən ölkəmiz yeni geosiyasi şəraitdə daha geniş əməkdaşlıq imkanlarına malik olacaq. Belə ki, hər üç dövlətin rəsmiləri Azərbaycanın Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevirmək səylərini diqqətlə izləyir, hazırda həyata keçirdikləri investisiya layihələri ilə yanaşı, işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaq, həmçinin nəqliyyat və enerji dəhlizlərindən faydalanmaq üzrə maraqlarını ifadə edirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə