İQTİSADİYYAT
Enerji sektorunda Aİ ilə Azərbaycan arasında tranş sazişə həsr edilmiş mətbuat konfransı olmuşdurVIDEO
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 23-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Avropa İttifaqının (Aİ) Enerji islahatlarına dəstək proqramı çərçivəsində Azərbaycan hökumətinə son tranşın (5 750 000 avro) köçürülməsinə həsr edilmiş mətbuat konfransı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış etmiş Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirmişdir ki, 2010-cu ilin sentyabrında Azərbaycan enerji sektoruna 14 milyon avroluq büdcə dəstəyindən ilk tranş (3 milyon avro) almışdır. Bu vəsait milli enerji strategiyasının möhkəmləndirilməsi sahəsində hökumətin səylərinin dəstəklənməsinə yönəldilmişdir. Məqsəd bütün enerji resurslarının göndərilməsini, daşınmasını, tranzitini və onlardan istifadə olunmasını əhatə edəcək tam razılaşdırılmış, kompleks və şəffaf enerji strategiyası işləyib hazırlamaqdır. Büdcə dəstəyinin ilk tranşı Azərbaycanda enerjinin səmərəliyinin artırılmasına və bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə yönəldilmişdir.
Roland Kobia demişdir ki, Aİ Azərbaycanı energetika sahəsində alternativ enerji mənbələrinin inkişafı üzrə böyük potensiala malik olan strateji tərəfdaş hesab edir.
R.Kobia qeyd etmişdir ki, enerji sahəsi və alternativ enerji mənbələri Azərbaycan ilə Aİ arasında əməkdaşlıqda prioritet sahələrdən biridir.
Aİ tvinninq proqramlarını həyata keçirməklə, müvafiq layihələrə qrant ayırmaqla, INOGATE kimi regional proqramları maliyyələşdirməklə ölkədə alternativ enerji mənbələrinin inkişafına kömək göstərir.
Sonra Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov iştirakçılara agentliyin fəaliyyəti barədə məlumat vermiş, bu sahədə həyata keçirilmiş layihələrdən danışmışdır.
O bildirmişdir ki, alternativ energetikanın inkişaf strategiyası və tarif sistemi barədə təkliflər hazırlanıb Prezidentin Administrasiyasına təqdim olunmuşdur. Hazırda Qobustanda və Samuxda alternativ və bərpa olunan elektrik enerjisi mənbələrinə dair layihələr həyata keçirilir. Gələcəkdə 15-20 meqavatt və 30-40 meqavatt gücündə stansiyaların, mindən çox minielektrik stansiyasının yaradılması planlaşdırılır.
Akim Bədəlov həmçinin demişdir ki, alternativ və bərpa olunan elektrik enerjisi mənbələri hesabına 1000 meqavatt gücündə elektrik qurğularının yaradılması Azərbaycanın əlavə olaraq 1 milyard kubmetr qaz ixrac etməsinə imkan verəcəkdir.
Sonra Roland Kobia və Akim Bədəlov jurnalistlərin suallarına cavab vermişlər.