SİYASƏT
21 saylı Nəsimi I seçki dairəsi üzrə seçki məntəqələrində seçicilərin yüksək fəallığı müşahidə olunur
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 9-da səhər saat 8.00-da Azərbaycanın bütün ərazisində prezident seçkiləri başlamışdır.
21 saylı Nəsimi I seçki dairəsi dairə seçki komissiyasının sədri Məhsəti Ağayeva AZƏRTAC-a bildirmişdir ki, bütün seçki məntəqələrində vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılmışdır. Məntəqələrin hamısı fasiləsiz elektrik enerjisi, rabitə, kompyuter və digər zəruri avadanlıq və xidmətlərlə təmin olunmuşdur. Məntəqələrin 10-da veb-kameralar quraşdırılmış, 3-də isə əlillərin rahat səs vermələri üçün panduslar yaradılmışdır. Hələlik dairə seçki komissiyasına qanun pozuntusu barədə heç bir məlumat və şikayət daxil olmamışdır.
Komissiya sədri qeyd etmişdir ki, 36 min 45 nəfər seçicinin adı siyahıya daxil edilmiş, onlardan 1097 nəfəri qeydiyyatdan çıxma vəsiqəsi almışdır. Səsvermə bitənədək 34 min 948 seçicinin səs verəcəyi gözlənilir.
21 saylı Nəsimi I seçki dairəsi üzrə 29 seçki məntəqəsində səsvermə çox fəal keçir. Dairə üzrə seçkiləri izləmək üçün 400-dən çox yerli və xarici müşahidəçi qeydiyyatdan keçmişdir. Beynəlxalq və yerli müşahidəçilər seçkilərin gedişindən razılıq edir, heç bir qanun pozuntusunun olmadığını bildirirlər.