REGİONLAR
Bəhruz Kəngərli adına Sərgi Salonunda “Mənim yay tətilim” adlı rəsm sərgisi açılıb
Naxçıvan, 1 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda İRS “Mənim yay tətilim” adlı uşaq sərgisi açılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Rəssamlar Birliyinin üzvü, sənətşünas Nizami Alıyev muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, istedadı və bacarığı olan uşaqlar da bu qayğıdan bəhrələnir, müxtəlif sahələr üzrə uğurlu nəticələr əldə edirlər. Bu, rəssamlıqda da özünü göstərir. Mütəmadi olaraq uşaqlar arasında keçirilən ustad dərsləri, rəsm-sərgi müsabiqələri onların bu sahəyə marağını artırır, uşaqlara öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır.
Qeyd olunub ki, “Mənim yay tətilim” adlı uşaq sərgisi məktəblilərin yay tətili ərzində diqqətlərini çəkən hadisələri öz düşüncələrində formalaşdıraraq əks etdirmələri və bacarıqlarının inkişafı məqsədilə təşkil edilir. Rəsm əsərlərində onlar yay istirahətlərini və tətildə yaddaqalan hadisələri müxtəlif üsullarla kağız üzərinə köçürüblər.
Çıxış edənlər sərgi münasibətilə uşaqları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Müsabiqədə yer tutan uşaqlara diplomlar təqdim edilib, sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə 21 şagirdin 60 rəsm əsəri nümayiş olunur. Sərgi bir həftə davam edəcək.