MƏDƏNİYYƏT


Şuşanın keşməkeşli tarixindən bəhs edən film çəkilib

Bakı, 1 iyul, AZƏRTAC

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şuşanın dağları, başı dumanlı” adlı layihə çərçivəsində film çəkilişlərini başa çatdırıb.

İctimai birliyin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva AZƏRTAC-a bildirib ki, layihə üzərində üç aydan çox iş gedib.

O, bədii-sənədli filmin ərsəyə gəlməsində Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımını, layihənin ərsəyə gəlməsində agentliyin tövsiyələrini, eyni zamanda layihənin reallaşmasında agentliklə yanaşı İctimai Televiziya və Radio Yayımları Şirkətinin xüsusi əməyi olduğunu qeyd edib. Belə ki, teleşirkət nəinki filmin çəkilişləri üçün texniki dəstək göstərib, həm də filmin çəkilişlərinə peşəkar aktyorların cəlb edilməsinə, eləcə də kütləvi səhnələrin quraşdırılmasına vəsait ayırıb.

Film Şuşa şəhərinin salınması tarixindən bəhs edir və həmin tarixin keşməkeşli səhifələri vərəqlənir. Ayrı-ayrı dövrlərdə Şuşaya hücumlar, bu hücumlar nəticəsində şəhərin başı üstünü alan təhlükə xüsusi qabardılır, törədilən dağıntılar barədə söhbət açılır.

Filmdə Şuşanın salınma tarixi ilə bağlı arxiv sənədlərinə, eləcə də bir çox məşhur rus və ingilis tarixçilərinin əsərlərinə istinad olunub. Çəkilişlər Şuşada, Ağdamda, Qəbələdə, Qala Dövlət Qoruğu ərazisində və İçərişəhərdə aparılıb.

Şuşa həqiqətlərinin tamaşaçıya çatdırılması üçün aktyor oyunundan, quraşdırılmış səhnələrdən geniş istifadə edilib.

Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədli, quruluşçu operatoru İsmayıl Eyvazi, quruluşçu rəssamı Valeh Davudov, geyim üzrə rəssam Şahin Həsənlidir.

Layihənin elmi məsləhətçisi tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

“Şuşanın dağları, başı dumanlı” bədii-sənədli filmi yaxın vaxtlarda tamaşaçılara təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.