REGİONLAR
Hüquq-mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub
Naftalan, 1 iyul, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Zaur Bədəlov, polis əməkdaşları və veteran polislərin iştirakı ilə tədbir keçirilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad olunub.
Çıxış edən şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov polisləri təbrik edib, Ali Baş Komandan İlham Əliyev tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, hüquq-mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın qabaqcıl dövlətlərindən biridir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycan Polisi Günü münasibətilə iştirakçıları təbrik edib. Polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun təkmilləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışan V.Novruzov, Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlikdən də söz açıb. O, respublikamızın hər yerində olduğu kimi, Naftalanda da ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində şəhər Polis şöbəsinin şəxsi heyətinin rolunu qeyd edib.
Çıxış edən digər natiqlər ölkə rəhbərliyinə göstərilən yüksək diqqətə, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhər Polis şöbəsinin bir qrup əməkdaşı fəxri fərmanla təltif olunub.