REGİONLAR


Füzuli rayonunda şəhidlərimizin xatirəsi anılıb

Füzuli, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

27 Sentyabr – Anım Günü respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunun Horadiz şəhərində də ehtiramla qeyd olunub. Bununla əlaqədar “Qəhrəmanlar parkı”nda tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, hərbi və dövlət qurumlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı şanlı Zəfər tarixindən bəhs edib. Şəhid ailələrinin və qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan A.Alıyev Anım Gününün təsis edilməsinin dövlət başçısı tərəfindən şəhidlərin xatirəsinə sonsuz ehtiramın, eləcə də şəhid doğmalarına həssas münasibətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edərək şanlı Azərbaycan Ordusunun şücaətindən, öz missiyasını şərəflə yerinə yetirməsindən söz açıb.

Sonra şəhid anaları Rəfiqə Novruzova, Tamella Məmmədova, Lətifə Zamanova, qazilər Sevindik İsmayılov, Üzeyir Nəcəfov, Səbuhi Qurbanov çıxış edərək, onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə şəhidlərin abidələri önünə tər qərənfillər düzülüb, dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.