DÜNYA
Türkiyə Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
Ankara, 29 noyabr, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Ali Məşvərət Şurasının (AMŞ) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilir ki, şuranın üç saat davam edən iclasında “Türkiyənin yüz ili” proqramı və gələn il ölkədə keçiriləcək seçkilərə dair məsləhətləşmələr aparılıb, bu çərçivədə qurum üzvlərinin təklifləri dinlənilib.
Türkiyənin son iyirmi ildə ən sabit siyasi dövr yaşadığına diqqət çəkən şura üzvləri bunun davamı üçün qarşıdakı ildə keçiriləcək seçkilərin əhəmiyyət daşıdığını vurğulayıblar.
Ali Məşvərət Şurasının üzvləri Türkiyənin hər yerində millətin fərqli təbəqələrinin, xüsusilə də gənclərin “Türkiyənin yüz ili”ndən gözlədiklərini bu proqramda ortaya qoymağın vacibliyini vurğulayıblar.
İyirmi ildir konkret iş və xalqa xidmət siyasəti ilə millətin qarşısına çıxdıqlarını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2018-ci il seçkilərində “Cümhur İttifaqı” olaraq həm prezidentliyi, həm də parlamentdəki mandatların çoxluğunu əldə edərək göstərdikləri uğurun növbəti seçkilərdə də təkrarlamağı hədəflədiklərini vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan davamlı olaraq həyata keçiriləcək “Türkiyənin yüz ili” proqramının rahatlığın, bacarığın, sabitliyin, istehsalatın, məhsuldarlığın, gücün, rəqəmsal fəaliyyətin, elmin, inkişafın, dəyərlərin, müstəqilliyin, gələcəyin və gənclərin yüz illik strategiyası olaraq hazırlandığını bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara