CƏMİYYƏT
23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə maarifləndirici treninqlər keçirilir
Bakı, 28 yanvar, AZƏRTAC
23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 4 saylı dairə seçki məntəqəsində yanvarın 28-də seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər keçirilib.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Ağabala Quliyev treninqlərin fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb.
Qeyd edib ki, üç gün davam edəcək maarifləndirici treninqlər Milli Məclisə seçkilərin şəffaf və qanunauyğun təşkili üçün mühüm əhəmiyyətə malikdir. Treninq iştirakçıları seçkilərə hazırlığın gedişi ilə bağlı aydın və hərtərəfli şəkildə məlumatlandırılır.
Dairədə Milli Məclisə seçkilərə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını diqqətə çatdıran sədr bildirib ki, treninqlərdə seçkiöncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri mütəmadi maarifləndirilir. Qeyd edib ki, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Dairə seçki komissiyasının ərazisində 31 daimi seçki məntəqəsi fəaliyyət göstərir ki, bunlardan 21-i Nəsimi, 10-u isə Səbail rayonlarına aiddir.
Komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün məntəqələrdə hər cür şərait yaradılıb, seçici siyahıları dəqiqləşdirilib. Bütün məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə təmin edilib. Məntəqələr üzrə seçicilərə bildirişlər paylanılır. Şəffaflığın təmin olunması məqsədilə bəzi məntəqələrdə veb-kameralar quraşdırılıb.
Dairə seçki komissiyasının üzvü Valeh Qasımov tərəfindən treninqlərdə iştirakçılara səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri, onlarla iş qaydası, seçki günü məntəqə seçki komissiyalarının rolu və fəaliyyəti barədə məlumat verilib.
Treninqlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim edilib.
Qeyd edək ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə treninqlər sabah da davam edəcək.