SİYASƏT
23 saylı Nəsimi-Səbail seçki dairəsinin məntəqələrində səsvermə yüksək fəallıqla keçir
Bakı, 23 dekabr, AZƏRTAC
Bələdiyyə seçkilərində paytaxtın mərkəzini əhatə edən 23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün bütün şərait yaradılıb. Səsvermənin yüksək səviyyədə keçməsi üçün bütün təşkilati işlər görülüb, məntəqələr lazimi ləvazimat və invertarla təmin olunub. Dairə 31 məntəqəni əhatə edir. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Dairə ərazisində 35 min 328 seçici yaşayır. Məntəqələrdə səsvermə seçicilərin yüksək fəallığı şəraitində, mütəşəkkil qaydada davam edir. Nəsimi bələdiyyəsi üzrə 68, Səbail bələdiyyəsi üzrə 57 namizəd qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, səhər saat 08.00-də artıq xeyli seçici məntəqələrə gələrək öz seçimlərini ediblər. Səhər saatlarında xüsusilə gənc və yaşlı nəslin nümayəndələri daha fəaldır.
Məntəqələrdə seçkiləri izləmək üçün müxtəlif siyasi partiyaları təmsil edən, bitərəflərin nümayəndələri, həmçinin fərdi qaydada müraciət etmiş müşahidəçilər qeydiyyatdan keçib.
Qeyd edək ki, qeydiyyatda olan 5500-dən çox seçici saat 12:00-dək artıq məntəqələrə gələrək istədikləri namizədlərə səs veriblər. İlk dəfə səs verən gənclərlə Seçki Məcəlləsinin tələblərinə uyğun müvafiq iş aparılıb.
Dairənin əhatə etdiyi seçki məntəqələrində səsvermənin gedişini yerli müşahidəçilər və KİV nümayəndələri izləyirlər.
Qanunvericiliyə əsasən səsvermə prosesi haqqında məlumatların ictimaiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə hər cür şərait yaradılıb.
Yerli müşahidəçilər arasında siyasi partiyaların nümayəndələri var. İndiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb.
Bu dairəni əhatə edən 1, 2, 3, 8, 11, 14, 15, 16, 17 nömrəli məntəqələrdə seçicilərin fəallığı daha çox müşahidə olunur.
Bələdiyyə seçkilərinin şəffaf və qanunamüvafiq, mütəşəkkil qaydada keçirilməsi üçün bir müddət əvvəl dairə seçki komissiyasının üzvləri, məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər və kurslar təşkil olunub.
Seçki ərəfəsində dairəni əhatə edən məntəqələrdə seçkilərə ciddi hazırlıq işləri görülüb.