ELM VƏ TƏHSİL
Vətən müharibəsində tarix yazan müəllimlər ictimaiyyətə tanıdılır
Bakı, 9 dekabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə “Tarix yazan müəllimlər” layihəsi çərçivəsində hazırlanmış videoçarxların təqdimatı olub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsində iştirak edən gənc müəllimlərin pedaqoji fəaliyyətləri və keçdikləri döyüş yolu barədə videoçarxlar nümayiş olunub. Tədbirdə diqqətə çatdırılıb ki, layihənin keçirilməsinin əsas məqsədi Vətən müharibəsində Qələbənin qazanılmasında payı olan gənc müəllimləri sosial çarxlar vasitəsilə geniş ictimaiyyətə daha yaxından tanıtmaqdır.
Vətən müharibəsi iştirakçısı, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin informatika müəllimi Elvin Səlimov Qarabağ Zəfərini yazanların sırasında olmaqdan qürur duyduğunu bildirib.
Çıxış edənlər Vətən müharibəsində müəllimlərin, təhsil işçilərinin Azərbaycanın müasir tarixində müstəsna rolu olduğunu diqqətə çatdırıblar. Vətən müharibəsinin Azərbaycan məktəblilərinə dövrümüzün real qəhrəmanlarını tanımaq şansı verdiyini, canını Vətən üçün sipər edənlər arasında çoxsaylı müəllimlərin də yer aldığı bildirilib. Onların geniş ictimaiyyətə tanıdılmasında, qazi müəllimlərin təbliğ olunmasında “Tarix yazan müəllimlər” kimi layihələrin əhəmiyyəti vurğulanıb.
Sonda layihədə iştirak edən müəllimlərə təşəkkürnamələr təqdim olunub.