Nizami rayonunda şəhid Kənan Süleymanlının əziz xatirəsi yad olunub
AzerTAg.az
Bakı, 30 yanvar, AZƏRTAC
Nizami rayonunda Vətən müharibəsi şəhidi Kənan Sadıq oğlu Süleymanlının əziz xatirəsi yad olunub.
AZƏRTAC xəbər verir ki, doğum günü ilə əlaqədar şəhidin İkinci Fəxri xiyabanda məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Sonra Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğunu vurğulayıblar. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.
Şəhid Kənan Süleymanlının ailə üzvləri çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Çıxışlardan sonra tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhidə həsr olunmuş mahnı ifa edilib.
Xatırladaq ki, Kənan Süleymanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.














Xəbərin mətnində orfoqrafik səhv var