TBMM-in Azərbaycanla dostluq qrupunun üzvləri Ağsaqqallar Şurasında olublar
AzerTAg.az
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı qardaş Türkiyənin Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə Ağsaqqallar Şurasında görüşməkdən məmnunluğunu bildirən Şuranın sədri, Milli Məclisin deputatı professor Eldar Quliyev Şuranın və onun ölkəmizin 77 şəhər və rayonunda mövcud olan yerli təşkilatlarının fəaliyyəti barədə məlumat verib, dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb. E.Quliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı böyük Zəfərdən də söhbət açıb, qardaş Türkiyənin həmişə olduğu kimi müharibə dövründə də ölkəmizə hərtərəfli dəstək göstərdiyini vurğulayıb. Əminliklə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkələrimizin və xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq.
O, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın uğurla rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələrlə sıx əməkdaşlıq əlaqələrindən bəhs edib, Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Ağsaqqallar Şurasının mayın 3-də “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq konfrans keçirəcəyini, tədbirə Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və digər dövlətlərdən qonaqların dəvət olunacağını bildirib.
Ağsaqqallar Şurasının respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulayan Şura sədrinin birinci müavini, akademik Əhliman Əmiraslanov, Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov, Şurası sədrinin müavin, professor Eldar İbrahimov və başqaları türk dövlətləri, o cümlədən qardaş Türkiyə ilə son zamanlar daha da artan sıx əməkdaşlıqdan bəhs ediblər.
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və nümayəndə heyətinin üzvləri bir daha qürurla qeyd ediblər ki, Türk dünyası böyük bir ailədir və bu ailənin ayrılmaz üzvləri olan türk dövlətləri bundan sonra da bütün sahələrdə bir-birinə qarşılıqlı dəstək və həmrəylik göstərəcəklər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Xəbərin mətnində orfoqrafik səhv var