HEYDƏR ƏLİYEV - 1
Yekaterinburqda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş elmi monoqrafiya nəşr olunub
Moskva, 12 aprel, AZƏRTAC
Yekaterinburqda “Heydər Əliyev: Rusiyadan baxış” (“Гейдар Алиев - взгляд из России”) elmi monoqrafiyası çapdan çıxıb.
Nəşr Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun dəstəyi ilə Novosibirsk Dövlət Texniki Universitetinin professoru Mixail Çernyakovun və Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Universitetinin dosenti Kamal Əkbərovun müəllifliyi, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Cəbi Bəhramovun elmi redaktorluğu ilə işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a kitabın redaksiya heyətinin üzvü, Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev məlumat verib.
“Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş nəşrin Heydər Əliyev irsinin tədqiqi ilə məşğul olan hər bir alimin, universitet tələbələrinin və sadə oxucuların marağına səbəb olacağına şübhə yoxdur. Bu kitabda Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi keçmişinin ən mühüm məqamları öz əksini tapıb”, - deyə baş konsul bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva