HEYDƏR ƏLİYEV - 100
Xabarovskda Ulu Öndərin 100 illiyi münasibətilə kitab təqdimatı olub
Xabarovsk, 20 aprel, AZƏRTAC
Xabarovskda yerləşən Uzaq Şərq Dövlət Elmi Kitabxanasında “Heydər Əliyev Baykal-Amur Magistralının tikintisində” adlı fotosərgi keçirilib, “Heydər Əliyev-Rusiyadan baxış” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun və Xabarovsk diyarı “Azərbaycan birliyi” ictimai təşkilatının birgə keçirdiyi tədbirdə Heydər Əliyevin bu diyara səfəri zamanı onunla şəxsən görüşmüş dəmiryolçular, ictimaiyyətin, diplomatik korpusun və diaspor nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində “Heydər Əliyev: Rusiyadan baxış” elmi monoqrafiyasının təqdimatı olub.
Monoqrafiya Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə Novosibirsk Dövlət Texniki Universitetinin professoru Mixail Çernyakovun və Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Universitetinin dosenti Kamal Əkbərovun müəllifliyi, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri tarix elmləri namizədi Cəbi Bəhramovun elmi redaktorluğu ilə işıq üzü görüb.
Kitabın redaksiya heyətinin üzvü, Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev tədbiri açaraq Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Ş.Mustafayev Ulu Öndərin zəngin həyat yolu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi 30-dan çox nazirliyə rəhbərlik etməsi, Azərbaycanın inkişafı naminə gördüyü böyük işlər barədə danışaraq vurğulayıb ki, Baykal-Amur magistral xəttinin tikintisi məhz Heydər Əliyev tərəfindən nəzarətə götürüldükdən sonra geniş vüsət alıb.
Kitabın müəllifləri Mixail Çernyakov və Kamal Əkbərov nəşrdə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi keçmişinin ən mühüm məqamlarının öz əksini tapdığını qeyd ediblər. Xabarovsk diyarı Uzaq Şərq Dövlət Elmi Kitabxanası baş direktorunun müavini Qalina Starkina, Xabarovsk diyarı “Azərbaycan birliyi” ictimai təşkilatının rəhbər Məmməd İsgəndərov, Sakit Okean Dövlət Universitetinin professoru, filologiya elmləri doktor Vurğun Mehtiyev və başqaları çıxışlarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin formalaşmasında rolundan danışıblar.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə videobağlantı yaradılıb. Kitabxananın əməkdaşları Xabarovsk kitabxanasına 40-dan çox kitab hədiyyə ediblər. Onların arasında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlər yer alıb.
Tədbirin sonunda iştirakçılara “Heydər Əliyev - Rusiyadan baxış” kitabının nüsxələri paylanıb, Xabarovskdakı Azərbaycan diasporunun fəallarına Baş konsulluğun adından təşəkkürnamələr təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Xabarovsk