DÜNYA
Yaponiyada keçirilən ənənəvi Gion maçuri festivalını hər il bir milyonadək tamaşaçı izləyir VİDEO
Kyoto, 17 iyul (AZƏRTAC). Yaponiyanın keçmiş paytaxtı Kyotoda hər il keçirilən ənənəvi Gion maçuri festivalı öz əzəməti ilə seçilir. Adı qədim sintoist məbədi Yasakanın yerləşdiyi Gion məhəlləsindən götürülmüş festivalın maraqlı tarixçəsi var.
Deyilənlərə görə, 869-cu ildə paytaxtda yayılan vəba epidemiyası çoxlu sayda insan həyatına son qoymuşdu. Epidemiyanın qarşısını almaq üçün İmperator çapari çağıraraq ona Susanoo Tanrısının şərəfinə inşa edilmiş Yasaka məbədinə çapmağı əmr edir. Həmin vaxt bu məbəd Gionsya adlanırmış. Çapar məbədin önündə Yaponiyada o zaman mövcud olan prefekturaların sayı qədər, yəni 66 təbərzinin quraşdırılması barədə İmperatorun əmrini kahinlərə çatdırır. Həmin vaxt təbərzinə insanları epidemiyadan xilas edən sehirli qüvvə kimi baxırdılar. Həqiqətən də bundan sonra vəbanın yayılması dayanır. Minnətdar Kyoto sakinləri bu hadisəni Gion bayramı - Gion maçuri kimi qeyd etməyə başlayırlar. Bu, İmperatorun fərmanı ilə paytaxtda qeyd olunan azsaylı bayramlardan biridir.
Gion festivalı hər il iyulun 17-dən 24-dək qeyd edilsə də, hazırlıq işlərinə bir ay əvvəldən başlanılır. Bayrama üç gün qalmış Kyotonun mərkəzi küçəsində piyadaların sərbəst hərəkətinə icazə verilir. Küçələrdə və metronun bayram keçirilən ərazilərə yaxın stansiyalarında ənənəvi yeməklər - yakitori, taiyaki, takoyaki, okonomiyaki, paxladan hazırlanmış şirniyyat və digər milli qida məhsulları satılır.
Gion maçurinin əsas atributları isə böyük döyüş arabaları və kəcavələrdir. İl boyu xüsusi yerdə sökülmüş halda saxlanılan bu arabaların bir çoxu əsil sənət əsəridir. Döyüş arabaları 7-10 kvadratmetr sahəyə malikdir və taxta təkərlər üzərində hərəkət edir. Platforma üzərində qurulmuş karkas samandan hazırlanmış iplər vasitəsilə bərkidilir və üzərinə rəngarəng ipək və qobelen çəkilir. Hər arabanı ağ paltar geyinmiş iki kişi idarə edir. Arabanın damında isə bayramsayağı geyinmiş kişilər oturaraq tamaşaçılara sağlamlıq rəmzi olan bambuk yarpağına bükülmüş saman topası - “timaki” atırlar. Arabanı uzun və yoğun kəndirlər vasitəsilə kişilər dartıb aparırlar. Taxta dirəklər üzərində qurulmuş və çəkisi 1,2-1,6 ton olan kəcavələri isə 12 və ya 24 nəfərdən ibarət dəstə aparır. Bu kəcavələrin üstündə yapon nağıllarının qəhrəmanlarını xatırladan manikenlər qoyulur, bəzi hallarda isə insanlar dayanır.
Yaponiyanın bir çox şəhərlərində ənənəvi bayramların yaranmasına təkan vermiş Gion maçuri həm yerli əhali, həm də turistlər tərəfindən böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, bayramı izləmək üçün hər il 800 mindən bir milyonadək tamaşaçı toplaşır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kyoto