REGİONLAR


25 yaşında adını tarixə yazdıran qəhrəman: Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıbov REPORTAJ VİDEO

Qazax, 15 fevral, AZƏRTAC

Qazaxın girişində möhtəşəm təyyarə abidəsi ucalır. Abidənin altındakı lövhədə bu sözlər yazılıb: “İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov.” O, Fərrux ağa Qayıbov ki, səmaların bağrını dəlib qırıcı təyyarəsi ilə düşməni qorxuya salıb.

AZƏRTAC xəbər verir ki, bu abidənin öz tarixçəsi var. Belə ki, 1971-ci ildə aviasiya Marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən SSRİ Ali Sovetinə deputat seçilib. Bir il sonra seçiciləri ilə görüşə gələn marşala Qazax ağsaqqalları, ziyalıları deyiblər ki, Birinci Dünya müharibəsində təyyarəçi həmyerlimiz Fərrux ağa Qayıbov igidliklə həlak olub. Marşal buna inanmayıb. Ona sənəd, şəkil tapıb, sübut edə bilməyiblər. Onda marşal deyib ki, “Moskvaya qayıdanda arxivi yoxlatdıracağam. Əgər doğrudan da sizin həmyerliniz təyyarəçi olubsa, söz verirəm ki, ona bir heykəl, nişangah qoyduracağam”. Arxivi yoxlatdırıb-dəqiqləşdirəndən sonra marşal Pavel Kutaxov Qazaxa ilk azərbaycanlı təyyarəçinin xatirəsinə həmin dövrün qırıcı təyyarəsinin maketini göndərib. Rayonun girişində ucaldılan abidə də məhz həmin təyyarədir.

Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Orta Salahlı kəndində hərbçi ailəsində doğulub. O, imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci ildə əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarda uzun illər nümunəvi xidmətinə görə poruçik rütbəsi alıb. Birinci Dünya müharibəsi başlayanda onu qərb cəbhəsindəki 11-ci aviasiya korpusuna göndərirlər. 1916-cı il sentyabrın 12-də “İlya Muromets” qırıcı təyyarəsinin heyətinə yeni döyüş tapşırığı - Borına kəndi ətrafında cəmləşən alman hərbi qüvvələrinin mövqelərini bombalayaraq düşmənə ağır zərbə endirmək tapşırığı verilir. Sonuncu olan bu tapşırıq zamanı Fərrux ağa həyatını itirsə də, göstərdiyi şücaətə görə ölümsüzlüyü qazanır.

Havada 4 alman qırıcısı ilə qarşılaşan Qayıbovun təyyarəsi düşmənlə qeyri-bərabər döyüşə girir. 3 alman qırıcısını məhv edən “İlya Muromets” təyyarəsi aldığı zədələrdən yerə çırpılır. Bundan sonra 4-cü alman təyyarəsi də Qayıbovun açdığı atəşlərdən idarəetməni saxlaya bilməyərək yerə düşür. Alman hərbçiləri təyyarəçimizin igidliyinə heyran qalırlar. Onlar, düşmən də olsa, F.Qayıbovun şücaətini dəyərləndirərək öz əsgərləri kimi dəfn edirlər.

25 il ömür sürən cəsur təyyarəçi indi də ehtiramla xatırlanır. “Qəhrəman təyyarəçimizin həyatı hər zaman muzeyin ziyarətçilərinin marağını çəkib. Fərrux ağa Qayıbov həlak olandan sonra Baş Qərargahın verdiyi məlumatı oxuyanda istər-istəməz fəxr edirsən: “Almanlar poruçik Qayıbovu şərəfli ölümü ilə əlaqədar hərbi ləyaqətlə dəfn ediblər. Məzarı üstündə yaylım atəşi açıblar". Əlbəttə, alman hərbçilər düşmən də olsa, Fərrux ağa Qayıbovu qəhrəmanlara məxsus hərbi ənənənə ilə dəfn ediblər. Bu da düşmənin onun qəhrəmanlığına verdiyi bir qiymətdir”, - deyə Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova bildirib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyində F.Qayıbova həsr olunan guşə də var. Muzeydə onun çar hökuməti tərəfindən təltif olunduğu medallarının surətləri nümayiş etdirilir. Buraya Türkiyədən, Gürcüstandan da gələnlər olur. Hətta ötən il 40 xarici ölkənin diplomatik heyəti də bu muzeyə baş çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.