CƏMİYYƏT
2706 şəhidin 11 min 192 ailə üzvü və 81 ağır yaralı ilə görüşlər keçirilib VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Dekabrın 9-dan “YAŞAT” Fondunun təşkili üçün ciddi addımlar atılıb. Bank hesabları açılıb. Bütün rayonlar üzrə “ASAN xidmət”in əməkdaşlarından və könüllülərdən ibarət qruplar formalaşdırılıb. Həmin qruplar iki həftə ərzində 2706 şəhidin 11 min 192 ailə üzvü və 81 ağır yaralı ilə görüşlər keçiriblər. Onların bütün sosial problemlərinin elektron qaydada qeydiyyatı aparılıb. Ümumilikdə1483 ailə öhdəliyə götürülüb ki, onların problemlərinin həlli üçün ödənişlər edilsin. Bu qəbul edilən müraciətlərin 55 faizini təşkil edir. Həmin şəxslərin problemlərinin həlli üçün “YAŞAT” Fonduna ianə edilən vəsaitlər xərclənəcək. Vəsaitin 37.70 faizi məişət şəraitinin yaxşılaşdırılması, 37.40 faizi tibbi xərclərin ödənilməsi, 16.55 faizi borc öhdəliklərinin qarşılanması, 1.33 faizi təhsil xərclərinin ödənilməsi, 7,02 faizi digər ehtiyaclara xərclənəcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 8-də keçirilən brifinqdə deyib.
“Bildiyimiz kimi “YAŞAT” Fondunun Əsasnaməsinə görə, əsas dörd istiqamət üzrə problemlər həll olunur: məişət şəraitinin yaxşılaşdırılması, tibb xərclərinin ödənilməsi, borc öhdəliklərinin qarşılanması və təhsil xərcləri. Digər məsələlər də var ki, məsələn işlə təmin olunma, bununla bağlı saytımızda xüsusi “İşaxtaran” bölməsi olacaq. Orada işlə təmin olunmağa ehtiyacı olan şəhid ailələrinin üzvləri və müalicə prosesi başa çatan müharibə əlilləri ilə bağlı məlumatlar olacaq və şirkətlər, qurumlar portaldakı həmin bölmə vasitəsilə ixtisasa uyğun olaraq onları işə götürə biləcəklər”, - deyə Ü.Mehdiyev qeyd edib.
Agentliyin sədrinin sözlərinə görə, bu günə qədər 96 ödəniş həyata keçirilib. Ehtiyacların təmin olunması üçün zəruri məbləğ 920 min 72 manat 14 qəpik olub. “YAŞAT” Fondu tərəfindən 883 min 278 manat 49 qəpik, aidiyyəti təşkilatlar tərəfindən 36 min 793 manat 65 qəpik qarşılanıb.