MƏDƏNİYYƏT
“28 Cinema”da möhtəşəm tarixi filmin nümayişinə başlanılır VİDEO
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” tarixi film pərəstişkarları üçün möhtəşəm film təqdim edir.
“28 Cinema”dan AZƏRTAC-a bildirmişlər ki, kinoteatr fevralın 20-dən etibarən “Pompey” 3D filminin nümayişlərinə başlayır. Fevral ayının 19-da isə kinoteatr filmin premyera ərəfəsi nümayişini keçirəcəkdir.
Film tarixi hadisələrin fonunda sevgi hekayəti haqqındadır. Burada Pompey şəhərinin gözəllikləri, Vezuvi vulkanının püskürməsi və qədim şəhərin məşhur amfiteatrı canlandırılmışdır.
Bu ekran əsərində hadisələr bizim eradan əvvəl 58-79-cu illərə təsadüf edir. Məğlubedilməz qladiatora çevrilmiş qul Milo sevgisini – öz qərarı olmadan korrupsiyalaşmış Roma senatoruna ərə gedən varlı tacirin qızı Kassionu xilas etməyə çalışır. Bütün bunlar isə qədim Roma şəhəri olan Pompeyin həmişəlik yer üzündən silinməsinə səbəb olan Vezuvi vulkanının püskürməsi fonunda baş verir.
Filmin yaradıcıları kinonu daha realistik etmək üçün hətta çəkilişlərin bəzilərini Vezuvi vulkanının ətəyində aparmışlar. Bundan əlavə, 20.000 nəfər tutumu olan məşhur Pompey amfiteatrının bir hissəsini inşa etdirmişlər.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin biletləri kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş etmək olar.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “Platınum Movıe Suıtes” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.