Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir VİDEO
Laçın, 6 oktyabr, AZƏRTAC
Laçın rayonunda yerləşən Ağoğlan monastırını növbəti dəfə ziyarət etmək bizlər üçün xüsusi əhəmiyyət daşıyır. Laçın işğaldan azad edildikdən sonra icma üzvləri ilk dəfə 2021-ci ilin fevralında monastırı ziyarət ediblər. Həmin vaxt da şəhidlərin xatirəsi yad edilib, dualar oxunub və sülh, əmin-amanlıq arzulanıb. Ağoğlan monastırı və digər dini abidələr Azərbaycan xalqının tarixi-mədəni irsinin ayrılmaz hissəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri, Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafik Danakari Laçın rayonunda Ağoğlan monastırını ziyarət zamanı bildirib.
“Laçın rayonu işğaldan azad edildikdən sonra biz ilk dəfə 2021-ci ilin fevral ayında Ağoğlan monastırını ziyarət etdik. Həmin anda biz qürur hissi ilə gəldik bu monastıra, şamlar yandırdıq, dualar oxuduq və şəhidlərimizin ruhunu yad etdik, onların xatirəsini andıq. Allaha dua etdik ki, Azərbaycan torpaqlarında bir daha müharibə olmasın, bu yerlərdə hər zaman sülh, əmin-amanlıq olsun.
Azərbaycan xalqı hər zaman sülhsevər, multikultural, tolerantlığı və qonaqpərvərliyi ilə seçilib. Bizim heç kimin torpağında gözümüz yoxdur və istəyirik ki, bizim də torpaqlarımıza kiminsə gözü olmasın.
Azərbaycan torpaqları həm də müqəddəs torpaqlardır. Burada olan monastırlar, kilsələr, məscidlər fəaliyyət göstərir və bütün bunlar Azərbaycan xalqının irsidir, Azərbaycan xalqının mədəniyyətidir.
Biz bu gün də növbəti dəfə bu monastıra gəldik, ziyarət etdik, şamlar yandırdıq, dualar etdik və bu, bizim üçün çox qürurvericidir”,- deyə icmanın sədr müavini söyləyib.
Müxbir-Aydın Yavərzadə