Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Orta əsr Ağsu şəhəri.
Heç düşünmüsünüzmü, əsrlər əvvəl Azərbaycanın ən böyük şəhərlərindən birində həyat necə olub? Daş döşənmiş küçələr, sənətkar emalatxanaları, məscidlər, hamamlar və ərzaq anbarları...Budəfəki ünvanımız Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında yerləşən Orta əsr Ağsu şəhəridir.
1735-ci ildə Nadir şahın göstərişi ilə salınan qala-şəhər uzun müddət Şirvan xanlarının iqamətgahı olub. XVIII əsrdə Ağsu Azərbaycanın mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib. Şəhər uğrunda müxtəlif dövrlərdə mübarizələr aparılsa da, burada ticarət və sənətkarlıq inkişaf edib.

Bəs qədim Ağsunun küçələri necə görünürdü?
Arxeoloji qazıntılar zamanı daş döşənmiş yollar, yaşayış evləri, su və kanalizasiya xətləri, eləcə də müxtəlif sənətkarlıq emalatxanaları üzə çıxarılıb. Evlərin divarları çiy kərpicdən tikilib, xüsusi “şirə” məhlulu ilə örtülüb. Bu məhlul tikililəri yağışdan qorumaqla yanaşı, onlara gözəllik də verib.
Ağsuda dəmirçilər, misgərlər və sümük işləmə sexi də fəaliyyət göstərib. Burada aşkarlanan boyaqçı dükanı isə xüsusilə maraqlıdır. Araşdırmalar nəticəsində boyaq maddələrinin boyaqotu bitkisindən əldə edildiyi müəyyənləşdirilib. Boyaqotu istehsalı və ixracının əhəmiyyətinə görə XVIII əsr bəzən “Boyaqotu əsri” də adlandırılır.
Qoruğun ərazisindəki ən diqqətçəkən tikililərdən biri Cümə məscididir. Ümumi sahəsi 576 kvadratmetr olan məsciddə 56 daş sütun altlığı və minlərlə kirəmit parçası aşkarlanıb. Bu tapıntılar qədim Ağsuda tikinti və memarlıq mədəniyyətinin inkişafını göstərir.

Digər maraqlı tikili isə yerin təxminən 7 metr dərinliyində yerləşən XVIII əsrə aid buzxana-anbardır. Ərzaq məhsullarının saxlanılması üçün istifadə edilən bu tikilidə mis qablar, qızıl və gümüş sikkə dəfinələri də tapılıb.
Ərazidə aparılan arxeoloji tədqiqatlar 1983-cü ildə başlayıb, 2010–2012-ci illərdə isə geniş qazıntı işləri həyata keçirilib. 2019-cu il oktyabrın 22-də yaradılan “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində 12 tarixi abidə qeydə alınıb.
Müxbir – Rəşad Türkoğlu