Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Daşınmaz əmlak sahəsində ixtisaslaşmış beynəlxalq sərginin təşkili mühüm hadisədir. Çünki indiyədək Azərbaycanda bu sahəni əhatə edən ayrıca ixtisaslaşmış sərgi keçirilməyib. Bu baxımdan Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026-nın təşkilini yüksək qiymətləndirirəm.
AZƏRTAC xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev AIREX 2026 sərgisində jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, hazırda regionun ən böyük daşınmaz əmlak bazarı məhz Qarabağda formalaşır.
“İşğaldan azad edilmiş ərazilərdə onlarla kənd, yaşayış məntəqəsi və şəhər yenidən qurulur, genişmiqyaslı tikinti və abadlıq işləri həyata keçirilir. Bu baxımdan sərgidə Qarabağın təqdim olunması xüsusi əhəmiyyət daşıyır. AIREX 2026 ənənəvi xarakter almalı və gələcək illərdə daha geniş miqyasda təşkil edilməlidir. Növbəti sərgilərdə Qarabağda yaradılan yeni şəhərlərin, yaşayış məntəqələrinin və daşınmaz əmlak layihələrinin daha geniş stendlərlə təqdim olunması mümkün olacaq”, - deyə Rəhman Hacıyev vurğulayıb.
Qarabağda bərpa və quruculuq prosesinə qoşulmaq istəyən yerli və xarici tikinti şirkətlərinin marağına toxunan R.Hacıyev bildirib ki, artıq şirkətlər bölgəyə yalnız podratçı kimi deyil, investor qismində daxil olmaq imkanlarını da nəzərdən keçirirlər: “Sərgidə iştirak edən bəzi şirkətlər artıq Qarabağda kommersiya xarakterli layihələr həyata keçiriblər. Belə tədbirlərin təşkili bölgədə tikinti və daşınmaz əmlak bazarının inkişafına, yeni investisiyaların cəlb edilməsinə mühüm töhfə verəcək”.