Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Növbəti il üçün Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 milyard 868 milyon manat nəzərdə tutulub. 2027-ci il üçün idxal həcminin 32,2 milyard manata yüksələcəyi, bu sahədə güzəşt və azadolmaların tətbiq edilməsinin daxilolmalara azaldıcı təsir edəcəyi şəraitdə növbəti il üçün Gömrük Komitəsi xətti ilə təmin edilməli gəlirlərin idxal həcminə nisbəti əvvəlki ilin faktiki göstəricisi ilə müqayisədə 0,6 faiz bəndi yuxarı, cari ilin proqnozu ilə müqayisədə 0,3 faiz bəndi aşağı proqnozlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinin gəlirləri 2025-ci ildə 3,5 faiz kəsirlə, cari ilin 9 ayında 6 milyard 862 milyon manat illik proqnoza qarşı 72,5 faiz səviyyəsində icra edilib: “Növbəti ildə gömrük inzibatçılığının əsas göstəricilərindən olan yığımın inzibati xərci - başqa sözlə, hər 100 manat daxilolma üçün 3,73 manat xərc çəkilməsi gözlənilir ki, bu da beynəlxalq qiymətləndirmələrdə orta-effektiv hesab olunur.
Gömrük inzibatçılığı sahəsində aparılan davamlı islahatlarla gömrük ödənişlərinin yığılması sistemində şəffaflığın əhəmiyyətli dərəcədə genişləndirilməsi günümüzün reallıqlarındandır. Eyni zamanda, gömrük orqanları xətti ilə güzəşt və azadolmaların illik məbləği 3 milyard manat civarında olmaqla artım meyilləri ilə proqnozlaşdırılmaqdadır”.
“Qanun layihəsində gömrük rüsumlarının məbləği 1 milyard 867 milyon manat göstərilib. Lakin bu məbləğin 30 milyon manatı gömrük rüsumları üzrə deyil, gömrük yığımları üzrə proqnozlaşdırılıb. Hesab edirik ki, bu məsələ üzrə bu və ya növbəti büdcə layihəsində dəyişikliklər edilə bilər”, - deyə Palata sədri əlavə edib.