“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Qarabağın yenidən qurulması istiqamətində həyata keçirilən layihələr beynəlxalq memarlıq və şəhərsalma ictimaiyyətinin diqqətini cəlb edir. Bu layihələr Azərbaycanın inkişafı ilə yanaşı, xarici investorlar üçün də yeni imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Architects” şirkətinin nümayəndəsi Ayten Paşayiğit “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində bildirib.
O qeyd edib ki, altı ildir Azərbaycanda fəaliyyət göstərirlər və ölkədə həyata keçirilən layihələri beynəlxalq platformalarda qürurla təqdim edirlər. Şirkət Qarabağın yenidən qurulmasında iştirak edən memarlıq və baş planlaşdırma ofislərindən biridir.
Şirkət Tuğ və Hadrut yaşayış məntəqələrinin Baş planlarının hazırlanmasında iştirak edib: “Hazırda Qarabağın bir sıra digər ərazilərində də layihələr davam etdirilir. Azərbaycanın Qarabağın bərpasına böyük investisiyalar yatırması, mühüm layihələri reallaşdırması və bölgədə həyatın yenidən canlanmasını təmin etməsi artıq yeni mərhələnin başlanğıcını qoyub. İndi əsas vəzifələrdən biri xarici investorların regionun potensialını daha yaxından tanıması və burada sərmayə yatırmaqda maraqlı olmasıdır”.
A.Paşayiğit “AIREX 2026” sərgisinin bu baxımdan əhəmiyyətli platforma olduğunu qeyd edib. O, belə bir beynəlxalq platformanın gələcək illərdə də davam etdiriləcəyinə və daha geniş imkanlar yaradacağına inamını ifadə edib.