Lu Mey: Böyük potensiala malik Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Cari ildə iki ölkə liderinin strateji rəhbərliyi altında böyük potensiala malik Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir. Hər iki ölkənin dövlət qurumları və aidiyyəti strukturları dövlət başçılarının əldə etdikləri mühüm razılaşmaların həyata keçirilməsi məqsədilə sıx əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. Bu da ikitərəfli münasibətlərin daha da inkişafına və yeni nəticələrin əldə olunmasına töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da Bakıda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ikitərəfli təmaslar getdikcə intensivləşir. Cari ilin əvvəlindən indiyədək iki ölkə arasında təmaslar ən yüksək səviyyədə davam edir.
“Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın digər yüksəkvəzifəli rəsmiləri iki ölkə liderlərinin əldə etdikləri razılaşmaların icrası ilə bağlı məsələləri ətraflı müzakirə etmək üçün Çinə səfər ediblər”, - deyə diplomat qeyd edib.
“Bu yaxınlarda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirib. Görüşlərdə Çin-Azərbaycan münasibətlərinin və praktiki əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri hərtərəfli müzakirə olunub. Bu səfər ikitərəfli münasibətlərin inkişafına yeni təkan verib”, – deyə Lu Mey bildirib.
Səfir, həmçinin qeyd edib ki, sentyabr ayında Çinin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Haysin Azərbaycana səfər ediblər. Bu səfərlər məhkəmə-hüquq sahəsində əməkdaşlığın və partiyalararası əlaqələrin inkişafına yeni təkan verib. Bundan əlavə, Çinin kiberməkan məsələləri üzrə naziri Çjuan Junven də Azərbaycanda səfərdə olub.
Çin tərəfinin ölkənin köklü maraqlarına toxunan məsələlərdə Azərbaycana uzunmüddətli və qətiyyətli dəstəyinə görə minnətdar olduğunu vurğulayan Lu Mey əlavə edib: “Çin bundan sonra da Azərbaycanı müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqda, ölkənin milli maraqlarına cavab verən inkişaf yolunu seçməkdə dəstəkləyəcək”.
Səfir, həmçinin vurğulayıb ki, Qlobal Cənub ölkələri olan Çin və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla, çoxtərəfli platformalarda səmərəli əməkdaşlıq edir, həqiqi çoxtərəflilik prinsipini birgə təşviq edir və beynəlxalq ədaləti müdafiə edirlər.
Lu Mey təşkilatın bu yaxınlarda keçirilmiş sammitinin yekunlarına əsasən, Azərbaycanın 2026–2028-ci illər üçün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik etməsini, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmasını Çinin dəstəklədiyini bildirib.