Qazi: 44 günlük Vətən müharibəsində qarşımıza qoyulan missiyanı uğurla yerinə yetirdik VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Zəfər Günü bizim üçün çox önəmli tarixdir. Azərbaycan vətəndaşı kimi fəxr edirəm ki, ölkəmizin şanlı tarixini yaşayırıq. Həmin tarixin yazılmasında mənim də payım olub. Buna görə özümü qalib Azərbaycan Ordusunun şanslı zabiti hesab edirəm.
Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi qazisi, xüsusi təyinatlı qüvvələrin mənsubu, ehtiyatda olan mayor Nəsir Zeyniyev deyib.
Onun sözlərinə görə, 44 günlük müharibə hərbçilər və döyüşçülər üçün asan keçməyib. Döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət və qəhrəmanlıq danılmazdır. Ən çətin şəraitdə, təminatla bağlı çətinliklərə baxmayaraq, Azərbaycan Ordusu bir addım da geri çəkilmədən torpaqlarımızı azad edib.
“O günlər bizim üçün həm psixoloji, həm də fiziki baxımdan ağır idi. Müharibə zamanı qəhrəman silahdaşlarımızı itirmək hər birimizdə sarsıntı yaradırdı. Fiziki çətinliklər isə mürəkkəb relyef şəraiti ilə bağlı idi. Qarabağın orta və yüksək dağlıq ərazilərində döyüşürdük. Bütün çətinliklərə baxmayaraq, qarşımıza qoyulan müqəddəs missiyanı uğurla yerinə yetirdik. Heç nə bizi qorxutmadı. Bir addım da geri çəkilmədən verilən tapşırıqları ardıcıl şəkildə icra etdik”, - deyə N.Zeyniyev əlavə edib.