Cəbhədən auditoriyaya: Vətən müharibəsi qazisinin müəllimlik missiyası VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən qazi Elşad Məmmədov bu gün də Vətənə xidmətini davam etdirir. Əvvəllər döyüş meydanında torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan qazi hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllim kimi fəaliyyət göstərir, gənc nəslin bilik və dünyagörüşünün formalaşmasına töhfə verir.
AZƏRTAC-a müsahibəsində Elşad Məmmədov bildirib ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərə qoşulub. Döyüş yolu Füzuli istiqamətindən başlayıb, daha sonra Cəbrayıl, Xocavənd və Şuşayadək davam edib. O, bir sıra döyüş əməliyyatlarında iştirak edib, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazi bildirib ki, döyüş yolunun ən ağır anlarından biri 2020-ci il oktyabrın 8-də bir qrup silahdaşı ilə Füzuli istiqamətində mühasirəyə düşməsi olub. Üç gün ərzində ac-susuz, olduqca çətin şəraitdə mühasirədə qalan döyüşçülər oktyabrın 11-də oradan çıxmağa nail olublar. Onun sözlərinə görə, həmin günlərdə silahdaşlar arasında birlik və qarşılıqlı inam sağ qalmaq, çətinliklərə sinə gərmək üçün əsas dayaq olub. Elşad Məmmədov oktyabrın 14-də Aşağı Xocavəndli istiqamətində gedən döyüşlərdə mərmi yarası alaraq Füzulidəki hospitala yerləşdirilib. Müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdıb. “Bizim yarımçıq qalan mübarizəmiz var idi və məqsədimiz onu sona çatdırmaq idi. Buna görə sağaldıqdan sonra yenidən silahdaşlarımın yanına döndüm”.
O, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə, eləcə də Daşaltı əməliyyatında iştirak etdiyini bildirib. Qeyd edib ki, döyüşlərin ağırlığına, şəhid və yaralı silahdaşlarının ağrısına baxmayaraq, torpaqlarımızın azadlığı uğrunda mübarizəni davam etdirmək, üçrəngli bayrağımızın yenidən həmin ərazilərdə dalğalanmasına töhfə vermək döyüşçülərə güc verirdi. Elşad Məmmədovun sözlərinə görə, Qələbənin sevincini yalnız şəxsi nailiyyət kimi qiymətləndirmək olmaz. Bu, bütün Azərbaycan xalqının birliyinin, həmrəyliyinin təntənəsi idi. Hazırda müəllim kimi fəaliyyətini davam etdirən qazi hesab edir ki, Vətənə xidmət yalnız döyüş meydanında silahla aparılan mübarizə ilə məhdudlaşmır. Onun fikrincə, gənclərə bilik və savad aşılamaq, onların öz sahələrində peşəkar mütəxəssis kimi yetişməsinə, cəmiyyətə faydalı töhfələr verməsinə kömək etmək də Vətənə xidmətin mühüm formasıdır.
“Əvvəl cəbhədə idim, döyüşlərdə iştirak edirdim, indi isə auditoriyadayam. Müəllim kimi gənclərimizin savadlı, bilikli, öz peşəsinin yaxşı mütəxəssisi olmasına çalışıram. Gənclərə bilik aşılamaq da Vətənə xidmətdir”, – deyə Elşad Məmmədov qeyd edib.