Allaha yalvarırdıq ki, maşın morqa getməsin – Vətən müharibəsində yaralılara xidmət göstərmiş həkimlə MÜSAHİBƏ VİDEO
Bakı, 6 noyabr, AZƏRTAC
Vətən müharibəsi zamanı Azərbaycan həkimləri ön cəbhədə yaralanan əsgərlərin həyatını xilas etmək üçün gecə-gündüz yorulmadan çalışıblar. Həmin günlərdə neyrocərrahların üzərinə düşən məsuliyyət, xüsusilə böyük olub. Onlar ağır kəllə-beyin və sinir sistemi zədələri alan yaralıların həyata qaytarılması uğrunda mübarizə aparıblar.
AZƏRTAC-ın əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Nizami Məmmədovla müharibə dövründəki tibbi xidmət, qarşılaşdığı çətinliklər və yaddaşında iz buraxan hadisələr barədə söhbətləşib.
Həmin müsahibəni təqdim edirik.
- Həkim, necə oldu ki, Vətən müharibəsi zamanı ön cəbhəyə gedib, yaralı hərbçilərimizə xidmət etmək qərarına gəldiniz?
- Sentyabrın 26-sı idi. Həmkarım Nəsimi həkimlə birlikdə konfransda idik. Xəstəxanamızın baş həkimi dedi ki, neyrocərrahlar, anestezioloqlar və tibb bacıları ön cəbhəyə getməlidirlər. Biz də könüllü olaraq bu təkliflə razılaşdıq. Mən və həmkarlarım - Azər Zeynalov, Şamil Tahirov və tibb bacıları Naftalan istiqamətinə getdik. Sentyabrın 26-sı gecə oraya çatdıq. Ayın 27-si, yəni müharibə başlayan gündən yaralılar gəlməyə başladı. Biz onlara ilkin tibbi yardım göstərir, əməliyyatlar həyata keçirirdik.
- Vətən müharibəsi zamanı yaddaşınızda ən dərin iz buraxan hansı hadisələr olub?
- Xeyli hadisələr olub. Məsələn, heç bir həyat göstəricisi olmayan bir yaralımız var idi. O, başından yaralanmışdı. Xəstədə həyat əlamətləri yox idi. Hətta ona yolda süni masaj, hava da verilmişdi. Son ümid kimi onu əməliyyat etdik. Xəstənin vəziyyəti yaxşılaşdı və bir il sonra təkrar yanımıza gəldi, başında sümük çatmayan yerlərə implantlar qoyuldu. Hamımız düşünürdük ki, o, şəhid olacaq. Lakin həmin şəxs bu gün də yaşayır.
İkinci bir hadisəni danışım. Bir yaralı hərbçimizin cibindən qəbul şöbəsində qumbara düşdü və yuvarlanaraq yerdə hərəkət etdi. Şükür olsun ki, partlayış olmadı, yoxsa çox adam xəsarət alardı.
Ümumiyyətlə, həmin vaxt zabitlərin, əsgərlərin Vətən sevgisini, ön cəbhəyə can atmalarını müşahidə edirdik. Təsəvvür edin ki, amputasiya olunmuş xəstə narkozdan ayılır, bir ayaq üstündə dayanaraq deyir ki, cəbhəyə qayıtmalıyam...

- Yaralılara xidmət necə təşkil olunurdu?
- İlkin dövrlərdə bütün yaralılara xidmət edirdik. İxtisaslaşmış həkimlər tam yerbəyer olunca, həm travmatoloji, həm də ilkin yardım göstərirdik. Amma sonradan ixtisaslı həkimlərin sayı artdıqca sırf neyrocərrahi yardım göstərirdik. Hər ixtisas üzrə 2-3 həkim var idi. Həm cərrahi əməliyyatlar həyata keçirir, həm də müalicələr edirdik. İlkin mərhələdə təxirəsalınmaz əməliyyatlar icra olunurdu və xəstələrin vəziyyəti stabilləşəndən sonra onları arxa cəbhədəki hospitallara və xəstəxanalara göndərirdik. Çünki ön cəbhədən gələn yaralılar üçün daim yer olmalıdır. Eyni zamanda, səyyar tibbi qrupumuz var idi.
- Xəsarət almış hərbçilər barədə ailələrinə necə məlumat verilirdi?
- Bizim xəstəxana ön cəbhədə yerləşdiyi üçün xüsusi olaraq qorunurdu. Oraya kənar şəxslər buraxılmırdılar. Amma yaxınlaşanlar, sual verənlər var idi. Əsasən ilkin məlumat vermirdik. Çünki kimin nə məqsədlə maraqlandığı bilinmirdi. Yəni məlumatın sızma riski var idi. Yerimiz düşmən tərəfindən müəyyən oluna bilərdi. Lakin xəstəni müalicə edib, digər xəstəxanalara göndərəndə deyirdik ki, gedib orada maraqlansınlar.
- Həkim kimi soyuqqanlılığınızı qorumaq məcburiyyətinizdə olduğunuz halda, insan olaraq hisslərinizi necə cilovlayırdınız?
- Biz çalışırdıq ki, iş zamanı insani funksiyalarımızı “söndürək”, maşın kimi işləyək. Xəstəyə nə lazımdırsa, onu tez icra edək. Hisslərə qapılsan, işləyə bilməzsən. Bizim xəstəxanada bir yerimiz var idi, oraya “Pilləkənin qırağı” deyirdik. Bütün həkimlər müəyyən əməliyyatlar bitəndən sonra, sakitlik yarananda oraya keçirdilər. Kimisi siqaret çəkirdi, kimisi otururdu, onların əksəriyyətinin gözündən isə yaş tökülürdü, çünki biz çox şəhid görürdük. Günün sonunda, bir az sakitləşəndə görürdün ki, sən nələr yaşamısan. Şəhidlər bir-bir film kimi gözümün qabağından keçirdi. Biz kənarda çox kövrəlirdik. Onlar bizim balalarımız, qardaşlarımızdır. Yaşımız elə idi ki, kiçik qardaşlarımızı həyata qaytarırdıq. Həmin vaxt düşünürsən ki, sən təkcə bir əsgər həyata qaytarmamısan, eyni zamanda, bir ailəni xoşbəxt etmisən. Azərbaycanın bütün tanınmış həkimləri orada idilər. Hətta həkimlər özlərindən də ianələr edirdilər, xarici ölkələrdən özləri üçün gətirilmiş tibbi alətlərdən də istifadə edirdilər. Düzdür, dövlətimiz sağ olsun, TƏBİB hər şeyi yüksək səviyyədə təmin edirdi. Amma özümüzə aid alətlərdən də istifadə edirdik. Ümumiyyətlə, bizim yerləşdiyimiz xəstəxanada yaralı hərbçilər arasında şəhid olmadı. Biz əməliyyatların hamısını orada icra edirdik. Xəstə Bakıya bərpa məqsədi ilə gedirdi.

- Şəhidlərimizi necə xatırlayırsınız?
- Şəhidlərimizin hamısının simaları çox nurlu idi. İlkin dövrlərdə onları görmək bizə çox pis təsir edirdi. Xəstəxanaya yaralılar və şəhidlər bir qapıdan gətirilirdilər, sonradan isə bu qapıları ayırdıq. Biz pəncərənin qarşısında yaralıların gəlməsini gözləyirdik, təcili yardım maşını gələndə iki yol var idi - biri qəbula, digəri morqa gedən yol. Maşın gələndə Allaha yalvarırdıq ki, bizim tərəfə gəlsin, morqa getməsin. Şəhidlərimiz elə bil, bizə nəsə demək istəyirdilər. Demək istəyirdilər ki, missiyanı yerinə yetiriblər, ürəkləri rahatdır, son sözlərini söyləyiblər. Biz o torpaqları, həqiqətən, əsgərlərimizin, zabitlərimizin qanı ilə almışıq. Bizdən başqa heç kim orada xoşbəxt ola bilməz və biz orada yaşamalıyıq.
- Müharibə zamanı müalicə və ya əməliyyat etdiyiniz hərbçilərlə sonradan əlaqə saxlamaq, onların həyata qayıdışını və sağalma prosesini izləmək imkanınız olurmu?
- Əməliyyat və ya müalicə etdiyimiz hərbçilərin əksəriyyəti ilə indi də dostluğumuz davam edir, mütəmadi əlaqə saxlayırıq. Məsələn, güllə yaralanması zamanı sonradan biz ikincili sümüyün çatışmayan hissəsini implantlarla bağlayırdıq. YAŞAT Fondu implantların verilməsində bizə çox kömək oldu. Özümüzə aid olan təkrar əməliyyatları da icra edirdik. Qazilərimizi reabilitasiya mərkəzlərinə də göndərirdik. Onlar üçün əlimizdən gələni əsirgəmirdik. Bəziləri Yaşat Fondunun dəstəyi ilə Türkiyədə əməliyyat olunurdu. Onlarla da əməliyyatdan sonra maraqlanırdıq. İndi də qazilərimiz yanımıza gəlirlər. Hətta bəzən zəng edib, zarafatyana deyirlər ki, dostlarınızı da müayinə edin. Tanımadığımız qazilər yanımıza gələndə və onlar ön cəbhədə xidmət etdiyimizi biləndə söhbət daha səmimi olur.
- Siz, antiterror əməliyyatları zamanı da həkim kimi fəaliyyət göstərmisiniz...
- Müharibə zamanı yaralılara tibbi xidmət göstərirsənsə, birinci növbədə, tərəddüd etməməlisən. Əlindən gələni həyata keçirməlisən ki, yaralı sağalsın. Çünki əsgər dövlətin bir atributudur. Onu xilas etməlisən.
Antiterror əməliyyatına gəldikdə isə həmin vaxt getdiyimiz xəstəxanalarda prosesi rahat şəkildə tənzimləyə bilirdik. Xəstəxanaların rəhbərliyi də bizə kömək edirdi. Elə oldu ki, Tərtərdəki xəstəxanaya yaralı gəlmədi. Bərdədəki xəstəxanaya getdik. Yaralıların ilkin vəziyyətini də tez qiymətləndirə bilirdik. Xəstəxanalar kompüter və maqnit rezonans tomoqrafiyası ilə təmin olunmuşdu.

- Sonda şəhid ailələrinə, qazilərə nə demək istəyirsiniz?
Qazilərimizə isə Allahdan şəfa diləyirəm, onlara həmişə xidmət etməyə hazırıq.