CƏMİYYƏT
“Mirvari” gəmisi Bakı bulvarında paytaxt sakinlərinə xidmət edəcəkdir VİDEO
Bakı, 30 dekabr (AZƏRTAC). Dənizkənarı bulvar idarəsi paytaxt sakinlərinin, eləcə də ölkəmizə gələn turistlərin mənalı istirahəti üçün müvafiq tədbirlər görür.
Bakı bulvarının ərazisi genişləndikcə, burada görülən işlərin həcmi artdıqca əhaliyə göstərilən xidmətin səviyyəsi də yüksəlir. Artıq sakinlərin istifadəsinə verilən yeni gəmi də bu tədbirlərdəndir.
Üçmərtəbəli gəmi vasitəsilə 650 nəfər gəzintiyə çıxa bilər. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan gəmidə təhlükəsizliklə bağlı bütün avadanlıq vardır. İki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir. Səyahət vaxtı burada insanlara tez bişən yeməklər, sərinləşdirici içkilər təklif olunacaqdır. Beş yaşına qədər uşaqlar üçün gəzinti pulsuzdur. Beş yaşından yuxarı olanlar isə üç manat ödəməklə 40 dəqiqə ərzində Bakı buxtasını seyr edə biləcəklər.
Artıq sakinlərin istifadəsinə verilən yeni “Mirvari” gəmisi istənilən hava şəraitində gəzintiyə çıxmağa şərait yaradır. Gəminin marşrut cədvəli səyahətçilərə gündən-günə inkişaf edən paytaxtımızın gözəlliklərini Xəzərdən seyr etməyə imkan verir.