DÜNYA
ABŞ-ın dövlət katibi Vatikanda səfərdədir VİDEO
Vatikan, 15 yanvar (AZƏRTAC). ABŞ-ın dövlət katibi Con Kerri Vatikana səfəri çərçivəsində bu ölkədən olan həmkarı Pietro Parolin ilə görüşmüşdür.
Görüşdə Suriyada hökumət qüvvələri ilə müxalifət arasında baş verən münaqişə, Afrika qitəsindəki hazırkı vəziyyət, xüsusilə də dramatik həddə çatan Sudan problemi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.
Tərəflər Suriya münaqişəsindən əziyyət çəkən sakinlərə təcili humanitar yardımların göstərilməsinin vacibliyini vurğulamışlar. Rəsmi Vatikanın bu məsələ ilə bağlı narahatçılığı diqqətə çatdırılmışdır.
Yaxın Şərqdəki hazırkı vəziyyətə, İsrail-Fələstin münaqişəsinə toxunulan görüşdə tərəflərin danışıqlar prosesində müsbət nəticə əldə edəcəklərinə əminlik ifadə olunmuşdur.
Görüşdə, həmçinin dünyada yoxsulluq probleminin aradan qaldırılması istiqamətində də fikir mübadiləsi aparılmışdır.
Con Kerri son 30 ildə Vatikana səfər edən ABŞ-ın ilk katolik dövlət katibidir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan