REGİONLAR


50 min tona yaxın kartofun yarıdan çoxu xaricə göndərilib - Cəlilabaddan reportaj VİDEO

Cəlilabad, 8 iyun, İsmayıl Cəfərli, AZƏRTAC

Cəlilabadda açıq sahələrdə kartof yığımı davam edir. Bu günədək istehsal olunan məhsulun 30 min tonu Rusiya bazarlarına daşınıb.

AZƏRTAC xəbər verir ki, aprelin 25-dən açıq sahələrdə yığım davam edir. Şaxtalı, yağışlı keçən builki qış-yaz fəsli məhsulun əsas vegetasiya dövrünə də təsirsiz ötüşməyib. Lakin buna baxmayaraq, torpaqla nəfəs alan zəhmət adamlarının ciddi səyi nəticəsində aparılan yüksək aqrotexniki qulluq sahələrdə bolluq yaradıb.

Fermer Bəxtiyar Hüseynov bu il 3 hektar sahədə kartof əkib. Deyir ki, yaxşı məhsuldarlıq əldə edib: “Əkdiyim kartof 20 tona yaxın məhsul verir. Bütün qulluğu vaxtında aparmışıq, lazımi tədbirləri görmüşük. Xarici bazara, xüsusən Rusiyaya, eləcə də daxili bazarlara məhsul göndəririk”.

Sahələrdə məhsul boldur, tələbat da çoxdur. Lakin son günlər xaricə yükdaşımalarda yaranan sıxlıq təsərrüfatçılar üçün narahatlıq yaradır. Fermer Vahid Ağayev də uzun illərdir kartof əkir. Hazırda yetişən məhsul torpaqdan çıxarılır, məhsuldarlıqdan da razıdır. “Yığım hava şəraitinə görə gecikir. İlk günlərdə kiloqramını yaxşı qiymətə - 1 manata sadıq. Hazırda isə qiymət 60 qəpikdir. Yerli bazara da satırıq. Amma əsasən Rusiya bazarına ixrac edirik. Düzdür, yük aparanda çətinlik çəkirik, yollarda gecikmələr olur. Bu işdə kömək göstərilsə məhsulumuzu daha asanlıqla xaricə göndərərik”.

Qeyd edək ki, rayon üzrə 5450 hektar sahədə kartof əkilib. Bu günədək 2 min hektar sahədə yığım başa çatıb. Tədarük edilən 50 min tona yaxın məhsulun 30 min tonu xaricə ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.