İQTİSADİYYAT
51 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı “BakıKart”la ödəniləcək
Bakı, 18 fevral, AZƏRTAC
Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sisteminə inteqrasiyası prosesləri davam etdirilir. Bu çərçivədə fevralın 19-dan etibarən 51 nömrəli marşrut xətti (“Neftçilər” metro stansiyası – Naximov küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırıması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.
Qeyd edək ki, son 5 ildə paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərədək sərnişinin (ümumi sərnişinlərin 33 faiz) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.