İDMAN
Gənclərin Avropa çempionatının ilk günündə bir dəst medal
Bakı, 22 iyun (AZƏRTAC). Serbiyanın Zrenyanin şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilir.
Çempionatın proqramına əsasən, ilk gün 50, 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilər mübarizə aparmışlar. Yığmamız ilk gündə bir dəst medal – 1 qızıl, 1 gümüş və 1 bürünc qazanmışlar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, 50 kq çəkidə Mircəlal Həsənzadə 1/4 finaldan mübarizəyə başlamış və Rumıniya təmsilçisi ilə görüşdən (5:0, 7:0) qalib ayrılmışdır. Yarımfinalda Rusiya təmsilçisi Aldar Baljinimayevlə gərgin keçən görüşdə (2:4, 1:3) uduzaraq, bürünc medal qazanmaq şansı əldə etmişdir. Belarus idmançısı Mahsad Hasandu ilə görüşdən inamlı qələbə (3:0, 3:1) ilə ayrılan Mircəlal yığmamıza ilk medalı qazandırmışdır.
60 kq çəkidə Hacı Əliyev 1/8 finaldan mübarizəyə qoşulmuş və ilk olaraq macar Jozef Molnarı (3:0, 7:0), daha sonra gürcü Tengiz Çoçişvilini (1:0, 1:0), yarımfinalda rusiyalı Abdurahman Bagamaevi (1:0, 2:1) məğlub edərək finala yüksəlmişdir. Finalda Türkiyə təmsilçisi Ömer Uzanla gərgin keçən görüşdə uduzaraq (0:1, 2:0, 0:1) gümüş medala sahib olmuşdur.
96 kq çəkidə Aslanbek Alborov da 1/8 finaldan mübarizəyə başlamış və ardıcıl olaraq yunan Asigritos Mourantis (1:0, 1:2, 1:0), Belarus Vladimir Çartkoyev (2:1, 1:1), ukraynalı Hleb Kutey (2:0, 1:1) üzərində qələbə qazanaraq finala yüksəlmişdir. Finalda Rusiya təmsilçisi Batraz Qazzayevlə görüşdən (1:0, 3:2) qalib ayrılan Aslanbek Alborov, komandamıza qızıl medal qazandırmışdır.
55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər isə iyunun 22-də mübarizə qoşulacaq, artıq ilk rəqiblər bəllidir: 55 kq – Qalib Əliyev–Veliko Lyutzkanov (Bolqarıstan), 66 kq – Məhəmməd Müslümov–Georg Marchl (Avstriya), 84 kq – İlya Xamikoyev–Albert Tsipinov (Rusiya), 120 kq – Aslan Dzebişov–Richard Csercsics (Macarıstan).
Qızlardan ibarət yığma komandamız 23-24 iyunda, yunan-Roma güləşçiləri isə çempionatın son iki günündə xalça üzərinə çıxacaqlar.