İDMAN
Azərbaycanın qadın güləşçiləri “Qran-pri” Beynəlxalq turnirində üç medal qazanmışlar
Bakı, 9 iyun (AZƏRTAC). Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə “Qran-pri” Beynəlxalq turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığma komandasının baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınamışdır.
Güləşçilərimiz turnirdə uğurla yarışmış, 1 qızıl və 2 bürünc medal qazanmışlar.
Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan komandamızın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olmuş və yarışın qızıl medalına sahib olmuşdur. Polşa, Kanada, Rusiya və yarımfinalda daha bir Kanada təmsilçisini məğlub edən güləşçimiz, finalda Almaniya təmsilçisinə də heç bir şans verməmişdir.
Güləşçimiz İrina Netreba (58 kq) yarışa Fransa təmsilçisi üzərində qələbə ilə başlamışdır. Lakin yarımfinalda Qırğızıstan güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda yarışmışdır. Üçüncü yer uğrunda qarşılaşmada Rusiya təmsilçisi üzərində qələbə İrina Netrebaya bürünc medal qazandırmışdır.
Millimizin üzvü Nadya Sementsova (69 kq) beş görüş keçirmişdir. Ardıcıl olaraq Almaniya, Rumıniya və Polşa güləşçilərini üstələyən idmançımız yarımfinalda digər Almaniya təmsilçisinə uduzmuşdur. Bürünc medal uğrunda Almaniyadan daha bir güləşçi ilə mübarizə aparan N.Sementsova rəqibinə şans verməmiş və yarışı üçüncü pillədə başa vurmuşdur.