ELM VƏ TƏHSİL
“75 məktəb” layihəsi çərçivəsində 19 ümumi təhsil müəssisəsində seminarlar yekunlaşıb
Bakı, 27 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə həyata keçirilən “75 məktəb” layihəsi çərçivəsində artıq 19 ümumi təhsil müəssisəsində seminarlara yekun vurulub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, vaxtın idarə olunması, peşə seçimi, imtahana səmərəli hazırlaşmaq kimi mövzuları əhatə edən seminarların keçirilməsinin məqsədi IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçiminə dəstək göstərməkdir. Seminarlar “Dərs Evi” Tədris Mərkəzinin məktəb proqramı üzrə əlaqələndiricisi və fənn müəllimləri tərəfindən aparılır.
Qeyd edək ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərlərin təbliğidir.